Taleh Şahsuvarlı Güney Azərbaycandan danışdı - VİDEO

Bu gün Müsavat TV-nin efirində çox hörmətli həmkarım Sevinc Telmanqızının moderatorluğu ilə sabiq baş nazir Pənah Hüseynlə deputat Fazil Mustafanın debatını izlədim.

Doğrusu hesab edirəm ki, Sevinc xanımın peşəkar suallarına və neytral təqdimatına rəğmən, bu veriliş ictimai maraqlar baxımından o qədər də səmərəli olmadı.

Bunun səbəbi də odur ki, əksər tezisləri ilə qətiyyən razılaşmasam belə, sabiq Baş nazir Pənah Hüseyn hər halda ortaya konseptual mövqe qoydu, problemə strateji baxış sərgilədi. Lakin onun opponenti bir-iki konyuktur debat texnologiyası ilə, özünün də etiraf etdiyi kimi, təxribat yaratmaqdan uzağa gedə bilmədi.

Doğrusu, indi diqqətimi həmin müzakirəyə cəmləmək istəmirəm. Lakin Azərbaycanda İran və xüsusən də Güney Azərbaycan məsələsinə kifayət qədər sağlam, kifayət qədər aydın və kifayət qədər positivist baxış xətti də var.

Mənim müdafiə etdiyim bu baxışa görə, Güney Azərbaycan məsələsi artıq geopolitik problemə dönmüş İran probleminə əsasən gündəmə gəlib.

Odur ki, bu məsələni müzakirə etmək nə romantizmdir, nə maksimalizmdir, nə də irrealizmdir.

Orta çağları analiz edəndə görürük ki, Sasanilərin süqutundan sonra ərəblərə qarşı meydana çıxmış şüubiyyə cərəyanını modernizm dövrünə daşıyan bir institut var- fars bürokratiyası.

Bu bürökratiya Qacarların devirilməsində aktiv rol oynadı, “Ey böyük Kir, rahat uyu, nəvələrin oyaqdır” şüarı ilə İran kimliyi inşa etməyə başladı. Nə deyirdi Kirli İran ideoloqları?

• Onlar ari irqinin üstünlüyünə inanır və fars dilinin hegomoniyasını qurmaq;

• İran xalqlarının gerçək tarixini saxtalaşdıraraq digər xalqları önəmsizləşdirmək;

• İranda yaşayan fərqli etnik qrupları farsların içində əritmək

• Bütün bunlara nail olmaq üçün isə repressive və totalitar bir rejim qurmaq siyasəti apardılar.

1979-cu ildə Pəhləvi monarxiyası devrildi, yerində islam respublikası quruldu, lakin az öncə ifadə etdiyim təməl prinsiplər yerində qaldı.

Bunun da ən bariz sübutu odur ki, Cənubi Azərbaycanda xalqı öz ana dilindən məhrum edən Pəhləvilər kimi, molla rejimi də soydaşlarımızı fars dilində oxuyub-yazmağa məcbur etdi.

Yaxud Güney Azərbaycan coğrafiyasını uydurma inzibati vahidlərə bölmək və kiçiltmək siyasətini klerikal İran iqtidarı daha sərt şəkildə həyata keçirir.

1906-cı ildə qəbul olunan “Əyalət və Vilayət təşkilatları” qanunundan başlayaraq 1937, 1938, 1951, 1993-cü illərdə Güney Azərbaycan coğrafiyası İranı unitarlaşdırmaq məqsədi ilə hissələrə bölünüb, xalq hətta eyni dövlətin içərisində də dəfələrlə parçalanıb.

Bütün bunlar “İrançılıq” dediyimiz müstəmləkəçilik siyasəti nəticəsində təzahür edib.

Bəli, İrançılıq- hazırkı İran İslam Respublikasının sərhədləri daxilində vahid “iran milləti” yaratmaq modelidir. Bu model deyir ki, fərqli xalqlar, fərqli dillər ikinci plandadır, guya əsas olan vahid siyasi və mədəni çərçivədir.

Bax elə bu məqamda bir sual yaranır: İranda yaşayan xalqlar məcburən bu çərçivəyə pərçimlənməyə heçmi etiraz etiraz etmirlər?

Güney Azərbaycana baxaq. Orada yaşayan on milyonlarla azərbaycanlı var. Bizimlə eyni dilə, mədəniyyətə, tarixi yaddaşa sahibdirlər. Ən əsası, heç bir Güney Azərbaycanlı özünü farsdan əskik və ya farsların əlavəsi saymır.

Məsələ də elə burada başlayır.

İrançılıq deyir: siz dili türkləşmiş iranlısınız.

Güney Azərbaycan deyir: Xeyr, biz elə Azərbaycanlıyıq, Azərbaycan türküyük.

Bu, sadə fikir ayrılığı deyil. Gələcək seçimini müəyyən edən həm tarixi, həm də müasir ziddiyyətdir.

Bu ziddiyyətin həll olunması üçün bircə yol var- Güney Azərbaycanlıların milli müqəddəratını təyin etmə haqqının İran da daxil olmaqla bütün dünyada tanınması. Bu tanınma üçün İranın modernləşmə və demokratikləşmə hərəkatının konstitusiya islahatları çərçivəsində getməsi lazımdır.

Güney Azərbaycanlıların nəyi istəyib, nəyi istəməyəcəyini biz o zaman biləcəyik.

Bu məsələni Dərbənd və Borçalı ilə eyniləşdirmək olduqca prinsipial səhvdir. Çünki Dərbənd də, Borçalı da öz milli müqəddəratını SSRİ-dən ayrılarkən təyin ediblər və onların milli hüquqi statusunda hər hansı problem yoxdur.

Amma burada bir reallığı daunutmaq olmaz. Bu məsələ təkcə İranın daxili məsələsi deyil. Regionda güc balansı, qonşu dövlətlərin mövqeyi və beynəlxalq faktorlar bu prosesə birbaşa təsir edir.

Odur ki, bir məsələ indidən bəllidir. Klerikal rejimin süqutundan sonra İranda unitar dövlət quruluşunu saxta tarix nağılları və irançılıq ideologiyası kimi vasitələrlə yanaşı, zor aparatı ilə də saxlamaq mümkün olmayacaq.

Taleh ŞAHSUVARLI