Azərbaycan üçün İran mollalarından daha böyük təhlükə mənbəyi: Türkiyənin "İhvan" zehniyyəti!

Yenə açıq danışacam.
Hazırda "hicab" dediyimiz dini geyim forması müstəqil Azərbaycan dövlətçiliyinə qarşı qaldırılan seperatizm bayrağıdır.
Söhbət sadə bir dindar xanımın gündəlik həyatında başını bağlamasından getmir. Bu, onun haqqıdır, hüququdur və seçiminə heç kim qarışa bilməz. Sözün açığı, bu kontekstdə hər hansı bir Azərbaycan qadınının başını örtməsini mən geridəqalmışlıq və ya qeyri-vətənpərvərlik nümunəsi də saymıram.
Söhbət Azərbaycan dövlətçiliyinin dünyəvi xarakterini dəyişmək planının tərkib hissəsi kimi sekulyar təhsil sistemini işğal etməkdən gedir.
Bu müstəvidə Nazirlər Kabinetinin məlum qərarına qarşı təşkil edilən, bəli, məhz xaricdən təşkil edilən müqavimət insan hüquq və azadlıqları ilə əlaqədər olmayıb, ideoloji seperatizmdir.
Əminəm ki, yaxın günlərdə məsələ tam çözüləcək. Azərbaycan məktəbi sekulyar sistemin qalası olaraq radikalizmin mühasirəsindən tam çıxacaq. Artıq bəzi video görüntülərdən də izlədiyimiz ki, övladlarımız Dövlət Himnimizi fəxarət doğuran bir şəkildə səsləndirərək hər gün rahatca sinif otaqlarına girəcəklər.
Zira, irticanın dövlətə baş qaldırdığı bu günləri yaradan səbəbləri də görməliyik.
Bu neqativ səbəblər zəncirini yaradan amillərdən biri də Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzinin ölkədə yaratdığı sosial gərginlik, imtahan maniyası, təhsil və karyera pillələri arasında səddə çevrilməsi, sosial lifti iflic etməsi, ən başlıcası, formalaşdırdığı "qara təhsil bazarı" məktəbin statusuna və funksiyasına ağır zərbələr vurub. Elə zərbələr vurub ki, ona müqabil bu günlərdə baş verənlər daha az təhlükəli görünür.
Bu məsələlər yoluna düşən kimi, zənnimcə, Dövlət İmtahan Mərkəzi barədə tədbirlər görülməlidir.
Azərbaycan təhsil sistemini işğal etməyi qarşısına məqsəd qoyan ilk mütəşəkkil qüvvə "Nurçular" idi. Fətullah Gülən şəbəkəsi Türkiyədə də, Azərbaycanda da, Orta Asiya və Afrikada da eyni sxem üzrə hərəkət edirdilər. Əvvəlcə rəsmi təhsil müəssisələrinə paralel kurslar, liseylər açırdılar. Bu işin irəliləməsi üçün onlara qəbul sisteminin mürəkkəbləşməsi, hər il yeni qaydalarla qeyri-müəyyənlik yaradılması, şagirdlərin leqal dövlət məktəblərindən fiziki və psixoloji olaraq uzaqlaşdırılması lazım idi. İndi Siz deyin: DİM-in fəaliyyəti nəticəsində məhz bu reallıq ölkəmizdə yaranıb, ya yaranmayıb? Əlbəttə, mən DİM-i, nə də DİM-in rəhbərliyində hər hansı şəxsi konkret olaraq Fətullah Gülən tərəfdarı olmaqda ittiham etmirəm. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Sadəcə, "Nurçular"ın məqsədləri ilə üst-üstə düşən mövcud reallıqda DİM-in fəaliyyətinin nəticələrinə diqqət çəkirəm.
Üzərində diqqət cəmləməli olduğumuz başqa nəticələr də var.
Fətullah Gülən şəbəkəsi Türkiyədə çevriliş cəhdindən sonra sıradan çıxıb deyə arxayın olmalı deyilik. Eyni təfəkkür, eyni zehniyyət, eyni irtica bu gün sosial şəbəkələrin Türkiyə seqmentindən üstümüzə sel kimi axır. Olayı FETÖ-nün, PKK-nın, gizli ermənilərin üstünə yıxmağın da mənası yoxdur artıq. Prosesin arxasında dayanan AKP-nin tam özüdür. Yeni Osmanlı xülyaları Türkiyədə rasional düşüncəni əzib. "İhvan"çı və "Rabiya"çı AKP Türkiyədən sonra Azərbaycanın da modernizm ruhunu məhv etməyə səy göstərir. Qarabağ münaqişəsindən, İran və Rusiya ilə geopolitik qovğalarımızdan sui-istifadə edən Türkiyə xımır-xımır Azərbaycanda düşüncələri işğal etməyə çalışıb. Halbuki fərqləri yoxdur, Azərbaycanın dövlət müstəqilliyinə, tərəqqi modelinə və "Orta Güc" fəlsəfəsinə hörmət etməyən İran kimi, Rusiya kimi davranırsa, Türkiyə bizim üçün qardaş deyil, qarışdırıcıdır!
Azərbaycana Türkiyədən ixrac olunan ideologiyalar Rusiyadan, İrandan, Ərəbistandan, Qərbdən yönəldilən ideoloji cərəyanlardan daha təhlükəlidir. Xomeyniçilərin, Vəhhabilərin, Feministlərin, neo-bolşeviklərin iç üzü cəmiyyətə məlumdur. Amma türkçülük pərdəsinə bürünmüş ihvançılıq, ittihadçılıq, osmanlıçılıq barədə ictimai təsəvvürlər natamamdır. Əgər "Hicab" və "Fələstin" kimi mövzular iki sekulyar dövlətin münasibətlərini gərginləşdirə bilirsə, demək ki, "qardaşımız"ın qarnının dərdi başqadır!
Ancaq "hər pis işdə bir xeyir də var" deyiblər. AKP-nin apardığı anti-Azərbaycan kampaniyası Türkiyədə əks-effekt verir. Sekulyarizm dalğası Azərbaycanın verdiyi qərarla yenidən qabarmağa başlayıb. AK trolların paylaşımlarının altında Azərbaycanın qərarını alqışlayan, hətta Azərbaycanın başında İlham Əliyev kimi ağıllı, müasir, qətiyyətli bir liderin dayanmasına müsbət mənada qibtə ifadə edən minlərlə şərh yazılır.
O gün demişdim, sözümün sonunda bir daha təkrar edirəm: Azərbaycanın dünyəvi təhsil prinsiplərinə tam sahib çıxmasının bəhrəsini tezliklə özümüz də görəcəyik, regionumuz və bütün dünya da!

Taleh ŞAHSUVARLI