- EKONEWS
- 16 Yanvar 2024 10:00
- 4 433
Sosioloq: “Səsvermə prosesində yüksək fəallıq gözlənilir”
“Birmənalı şəkildə deyə bilərik ki, 7 fevral günü səsvermə üçün seçki məntəqələrinə gələnlərin sayı əvvəlki seçkilərlə müqayisədə daha çox olacaq. Bunun bir səbəbi ümumi qanunauyğunluqla bağlıdır. Yəni, istənilən halda bir ölkədə dövlətin başçısını müəyyənləşdirmək üçün seçkilər keçirilirsə, cəmiyyətin fəallığı yüksəlir. Amma 7 fevral üçün proqnozlaşdırılan fəallığın ümumi qanunauyğunluqdan başqa spesifik səbəbləri də mövcuddur”. Bunu secki-2024.az saytına açıqlamasında tanınmış sosioloq, “Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu deyib.
Sosioloq bildirib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində də elektoratın fəallığı müşahidə edilmişdi: “Həmin vaxt seçicilərin 74.52 faizi məntəqələrə gələrək səs vermişdilər. İndi isə bu rəqəmin artmasını şərtləndirən amillər ortaya çıxıb. Belə ki, ötən 6 il müddətində Azərbaycanın taleyində köklü dəyişikliklər baş verib. İşğal altında olan torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Bir sözlə, Qarabağ zəfəri qazanılıb. Həm işğaldan azad olunmuş torpaqlarda, həm də bütövlükdə ölkə ərazisində geniş quruculuq işləri aparılır. Əhali bu gününə inandığı kimi, gələcəyinə də ümidli təminat almaq istəyir. Zəfər ovqatının davam etməsini arzulayır. Gələcəyimizin uğurlu olmasının bir təməli də məhz 7 fevral seçkilərində formalaşdırılacaq. İnsanlar 7 fevralda öz gələcəklərini seçəcəklər”.
Əhməd Qəşəmoğlu əlavə edib ki, seçki prosesində texniki yeniliklərin tətbiq edilməsi də seçici sayının artımını şərtləndirən amillər sırasındadır: “Seçki prosesinin rəqəmsal mühitə transformasiyası təşkil edilir. Seçici siyahılarında adını onlayn formada yoxlamaq, qeydiyyatla bağlı problemləri aradan qaldırmaq, prosesi veb-kameralarla izləmək və sair kimi amillər seçki günü üçün çox vacibdir. Bu və digər texnologiyaların tətbiqi də seçki aktivliyini stimullaşdırır”.