- EKONEWS
- 16 Yanvar 2024 16:16
- 7 673
MŞ sədri: “Məqsədimiz jurnalistlərin seçkini sərbəst işıqlandırmalarına yardımçı olmaqdır”
“Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar medianın seçki prosesində sərbəst fəaliyyətinə təminat verir. Seçki prosesini idarə edən rəsmi qurumlar da jurnalistlərin peşə funksiyalarını icra etmələri üçün hər cür şərait yaradırlar. Fikrimcə, media təmsilçiləri də bu münasibətə adekvat davranırlar. Bu baxımdan, medianın indiki seçki prosesini işıqlandırmaları yönündə hansısa problem görünmür”. Bunu secki-2024.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Rəşad Məcid bildirib ki, Mətbuat Şurası medianın seçki prosesində peşəkar davranmasına dəstək olmaq üçün müəyyən addımlar atacaq: “Bütün məsələlərdə olduğu kimi, seçki prosesində də fəaliyyət peşəkar prinsiplərə əsaslanmalıdır. Şura adətən belə hallarda istiqamətverici tövsiyələr verir. Bu dəfə də ənənəmizi davam etdirəcəyik. Hesab edirik ki, həm Mətbuat Şurasının tövsiyələri, həm də Mərkəzi Seçki Komissiyasının təlimatları jurnalistlərimiz üçün yardımçı vəsait rolunu oynayacaq”.
Mətbuat Şurasının səsvermə günü ilə bağlı planlarından danışan Rəşad Məcid onu da əlavə edib ki, əsas məqsədimiz jurnalistlərin seçkini sərbəst işıqlandırmalarına yardımçı olmaqdır: “Bu yöndə fəaliyyətlərimizdən biri səsvermə günündə “qaynar xətt”in yaradılması olacaq. “Qaynar xətt” üçün müəyyənləşdirilmiş mobil və sabit telefon nömrələri əvvəlcədən elan ediləcək. Seçki prosesini işıqlandıracaq jurnalistlər həmin nömrələrlə əlaqə saxlamaq imkanı əldə edəcəklər. Jurnalistlərin fəaliyyəti ilə əlaqədar hər hansı anlaşmazlıq yaranarsa, operativ şəkildə aradan qaldırılacaq. Bunun üçün müvafiq instansiyalarla əlaqələndirilmiş iş aparılacaq. Səsvermə günü üçün digər bir planımız dairə və məntəqələrdə canlı müşahidəçiliyin təşkilidir. Mətbuat Şurası İdarə Heyətinin üzvləri paytaxt və bölgələrdə seçki dairələrində, məntəqələrdə olacaq, jurnalistlərin peşə fəaliyyətini həyata keçirməsi üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər”.