- EKONEWS
- 17 Yanvar 2024 15:40
- 5 330
QHT koalisiyası 500 nəfərlik müşahidəçi siyahısı hazırlayıb
“Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası seçki prosesinin bütün mərhələləri üzrə monitorinq aparacaq. Həmçinin, səsvermə günü seçki dairə və məntəqələrində müşahidəçilik təşkil edəcək. Planımız budur ki, 60-dan çox seçki dairəsini, o cümlədən, Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş bölgələrimizi də əhatə edək. Artıq 500 nəfərə yaxın müşahidəçimizin siyahısını hazırlamışıq. Onların qeydə alınmaları üçün siyahını MSK-ya göndərmişik”.
Bunu secki-2024.az saytına açıqlamasında QHT-lər tərəfindən yaradılmış “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının təsisçilərindən olan Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Novella Cəfəroğlu deyib.
Novella Cəfəroğlu fəaliyyətlərini digər QHT seçki koalisiyaları ilə əlaqələndiriləcəklərini bildirib: “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi, Beynəlxalq İnsan Hüquqları Təşkilatı və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən yaradılmış koalisiyadır. Bununla yanaşı, 7 fevral seçkilərini müşahidə etmək istəyən QHT-lərin sayı çoxdur. Bu baxımdan QHT-lərdən ibarət bir neçə koalisiya yaradılıb. Düşünürəm ki, effektivliyin artırılması üçün bu koalisyalar fəaliyyətlərini əlaqələndirsələr, daha yaxşı olar. Öz tərəfimizdən biz bu təşəbbüsü irəli sürürük. Fəaliyyətimizdə oxşar nüanslar çoxdur. Digər koalisiyaların nümayəndələri ilə birgə müşahidəçiliyin təşkil edilməsi, seçici maarifçiliyi üzrə tədbirlərin keçirilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq etmək mümkündür”.