Formula 1-də “1000-ci yarış” – FOTO

5 qat Dünya çempionundan 75-ci qələbə

Aprelin 14-də Şanxayda Formula 1 yarışları üçün tarixi “1000-ci yarış” baş tutdu.

Aznews.az xəbər verir ki, Liberty Media şirkəti 1000-ci yarışın şərəfinə Şanxayda xüsusi tədbirlər həyata keçirdi, yarışa rəng qatmaq üçün ötən illlərin çempionlarını, məşhur Formula 1 simalarını dəvət etdi, tarixi bolidləri yarış ərazisində nümayiş etdirdilər, Şanxayın mərkəzində şou göstərdilər. Lakin, bütün bunlar yarışın yaddaqalan olmasına kömək etmədi.

Yarışda ön cərgələrdə Mercedes, Ferrari, Red Bull, Renault, Hass komandalarının pilotları yer almışdı. Yalnız Aleksander Elbon sərbəst yürüşlərdə qəza etdiyinə görə, yarışa pit-leyndən başlamalı oldu.

Sıralanma turunda poul qazanmasına baxmayaraq, startda Bottasın komanda yoldaşı Lyuis Hamilton ondan cəld tərpənməyi bacararaq, önə keçdi.

Yarışda yeganə diqqətçəkən məqam elə startda baş verdi. Toro Rosso komandasının rusiyalı üzvü Daniel Kvyat 3 mövqe itirdiyindən, idarəetməni itirərək, Mclarendən Saynzla, daha sonra Norrislə toqquşdu. Nəticədə yarışda virtual təhlükəsizlik maşını rejimi elan edildi. Saynz və Norris zədələnmiş hissələri dəyişmək üçün boksa yollanmalı oldular. Stüartlarsa Kvyata pit-leyn cəzası verdilər.

Bu mövsüm ilk 3 yarışda dubla imza atan Mercedes komandası, bu dəfə də Formula 1 fanatlarını təəccübləndirmədi. Çin Qran-Prisində də ilk 2 yeri Lyuis Hamilton və Valtteri Bottas tutdu.

Günün sürücüsü isə yarışa pit-leyndən start verməsinə baxmayaraq, finişə 10-cü çatmağı bacaran Toro Rosso sürücüsü Elbon seçildi.

75-ci qələbəsinə imza atan ingilis sürücü Lyuis Hamilton turnir cədvəlinə 68 xalla başçılıq edir. Valtteri Bottas 62 xalla ikinci, 39 xalla Maks Verstappen üçüncüdür.

Mühəndislər kubokunda isə Mercedes komandası 130 xalla liderdi. 73 xalla Ferrari ikinci, Red Bull 52 xalla ikincidir.

1001-ci yarışsa 2 həftə sonra Bakıda baş tutacaq.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description