Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılış mərasimi keçirildi

Yarış açıq elan ediləndən sonra Dövlət Himni səsləndirilib

Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurum adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanın artıq 4-cü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan funksoner, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, idmançılara və azarkeşlərə minnətdarlığını bildirib.

F.Qayıbov yarışı açıq elan edəndən sonra Dövlət Himni səsləndirilib.

Daha sonra milli gimnast və xoreoqrafların ifasında "Bizim qəhrəmanlar" adlı şou nümayiş olunub. Bədii hissədə Su adamı ilə Alov adamının oyunundan bəhs edən liberetto nümayiş etdirilib.

Rəvayətə görə, Bir zamanlar paralel dünyada iki qardaş – Su adam və Alov adam bir oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək, 8 medal qazanır. Qəzəblənən Alov adam qardaşını insanların dünyasına qovur. İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər.

Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti olaraq, öz qardaşına – Alov adama verir. 8 medal Avropa çempionatının 8 dəst medalını əks etdirir. Qəhrəmanlar isə bunlardır - Su adam, Alov adam, Qaya adam, Əzələ adam, Atıcı adam, Ritmik qadın, Sirr adam, Həkim adam.

Qeyd edək ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edəcək.

Milli Gimnastika Arenasında keçiriləcək turnirin ilk günündə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və yeniyetmələrdən ibarət komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Bakıda 4-cü dəfə keçiriləcək Avropa çempionatında Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Veronika Hudis, yeniyetmələrin komanda mübarizəsində Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə və Milana Əkbərovadan ibarət qrup təmsil edəcək.(report.az)

AzNews.az

image description image description image description image description image description