• Fanat
  • 14 Yanvar 11:15
  •  7 091

Mbappe PSJ-də qala bilər

“PSJ”nin fransalı hücumçusu Kilian Mbappe ona təklif edilən şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.

Bu barədə “LEquipe” nəşri məlumat yayıb.

Bildirilib ki, yanvarın əvvəlində məzuniyyətdən sonra Mbappenin “PSJ”nin prezidenti Nasser Əl-Xelaifi ilə keçirdiyi görüşdə müqavilənin şərtləri müzakirə olunub.

Onun həmçinin klubda qalmaq səbəbi “Real Madrid”in Mbappe qarşısında qoyduğu ultimatum ola bilər. Belə ki, futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.

Mbappe 2018-ci ildən “PSJ”də çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır, ona görə də futbolçu artıq “Real Madrid” ilə ilkin müqavilə imzalaya bilər. Mətbuatda yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılıb.

Bu mövsüm Mbappe “PSJ”nin heyətində bütün turnirlərdə, 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. (report)