Neymar 980 gündən sonra Braziliya millisinə qayıtdı

Braziliya millisinin tarixində ən çox qol vuran oyunçusu olan Neymar 980 gündən sonra ilk dəfə milli komandanın heyətində yaşıl meydana çıxıb.

AzNews.az "TASS"a istinadən xəbər verir ki, ulduz futbolçu dünya çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Şotlandiya yığmasına qarşı keçirilən görüşün 76-cı dəqiqəsində əvəzetmədən oyuna daxil olub.

Qeyd edək ki, hücumçu baldır əzələsindəki zədə səbəbindən turnirin ilk iki qarşılaşmasını buraxmaq məcburiyyətində qalmışdı.

Hazırda 34 yaşı olan Neymarın Braziliya yığmasının heyətində sonuncu çıxışı 2023-cü il oktyabrın 18-nə təsadüf etmişdi. O, milli komandanın forması ilə Olimpiya çempionu adını və Oyunların gümüş medalını qazanıb, Konfederasiyalar Kubokunun qalibi olub, eləcə də Amerika Kubokunun finalına qədər irəliləyib. Braziliya yığmasının tarixi qol rekordu məhz Neymara məxsusdur - onun aktivində 79 top var. Şotlandiya ilə matç isə hücumçunun milli karyerasında 129-cu oyun kimi qeydə alınıb.

Xatırladaq ki, iştirak etdiyi bütün dünya çempionatlarında zədələr Neymarı narahat edib. 2022-ci ildə o, qrup mərhələsində Serbiya ilə matçda (2:0) xəsarət almışdı. 2018-ci ildə hücumçu Rusiyada keçirilən turnirə sağ ayağındakı zədədən sonra yollanmış, üç ay bərpa prosesi keçsə də, lazımi fiziki formaya düşə bilməmişdi. 2014-cü ildə doğma divarlar arasında baş tutan yarışda isə forvard onurğasının bel nahiyəsindəki üçüncü fəqərəni sındıraraq Almaniya komandasına qarşı tarixi yarımfinal matçını (1:7) buraxmalı olmuşdu.