Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi. Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb. Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi. Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb.

Dünya liderləri Heydər Əliyev haqqında - Foto

Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi. Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb.

AzNews.az bu fikirlərdən bəzilərini təqdim edir:

Tanınmış politoloq Zbiqnev Bjezinski: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir".

ABŞ-ın keçmiş prezidenti Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".

Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezər: "Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir".

Pakistanın keçmiş baş naziri Bənəzir Bhutto: "Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir".

Fransanın keçmiş prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Rusiya prezidenti Vladimir Putin: "Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl: “Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir.

Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.

Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir".

Böyük Britaniyanın eks baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir".

Qazaxıstan prezidenti Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: "Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək.

Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.

Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdür".

Bolqarıstanın sabiq prezidenti Georgi Prvanov: "Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini qiymətləndiririk".

Türkiyənin sabiq Prezidenti Abdullah Gül: "Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir".

Roma papası II İohan Pavel: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".

Özbəkistan prezidenti İslam Kərimov: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu böyükdür".

Almaniyanın sabiq kansleri Gerhard Şröder: "Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır".

Ukraynanın sabiq prezidenti Leonid Kuçma: "Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək".

Fələstinin sabiq rəhbəri Yasir Ərəfat: "Azərbaycanın dəstəyini həmişə hiss etmişik. Biz bununla fəxr edirik və bundan qüvvət, güc alırıq".

ABŞ-ın sabiq Prezidenti Bill Klinton: "Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur".

BMT-nin sabiq baş katibi Butros-Butros Qal: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm".

Başqırdıstan Respublikasının Prezidenti Murtaza Rəhimov: Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Moldova sabiq prezidenti Vladimir Voronov: "Heydər Əliyevi həmişə böyük vətənpərvər, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişik".

Kraliça II Elizabet: "Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".

ÇXR-in sədri Xu Szintao: "Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır".

Tacikistan Prezidenti İmaməli Rəhmanov: "Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır".

İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi: "Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir".

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku: "Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünya miqyaslı liderlərindən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir. Onunla mən hələ prezident seçilməzdən əvvəl tanış olmaq istəyirdim. Lakin təəssüf ki, buna müvəffəq olmadım. Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük.

Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir.

Prezident Heydər Əliyev görkəmli siyasətçidir və qarşılıqlı maraq doğuran məsələləri son illər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitdə müzakirə etmək mənə nəsib olmuşdur".

Türkiyənin sabiq baş naziri Bülənd Ecevit: "Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir".

Amerika politoloqu Henri Alfred Kissincer: “Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır. Biz Heydər Əliyevlə eyni ildə, 1923-də anadan olmuşuq. Buna görə də, demək olar ki, eyni siyasi staja, illər boyunca hər cür sınaqdan keçmiş bir təcrübəyə malikik. Səmimi etiraf etməliyəm ki, Sovetlər Birliyi rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqədə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi də tarixi qanunauyğunluqdan irəli gəlir. Bütün maneələrə baxmayaraq, Qavqaz regionu üğrunda gedən böyük “siyasi oyunlar” mühidində o, Azərbaycanı regionun ən güclü və aparıcı bir dövlətinə çevirməyi bacardı. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını da məhz Heydər Əliyev qoymuşdur. Ümumiyyətə, Heydər Əliyev, şəxsiyyət kimi, bir fenomendir!”.