MTN daha bir narkobandanı ifşa etdi

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib. Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən daxil olan məlumatda bildirilib. Məlumata görə, onlardan ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Haxıyev Tural Tahir oğlu, Məmmədov Qabil Sabir oğlu və onun oğlu Asiman Məmmədov saxlanılıblar. Məlum olub ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan Əhəd adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni - 10 kiloqrama yaxın tiryəki və 977,9 qram heroini İrandan gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.

MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşı Arami Kiyomərs Hüseyn oğlu saxlanılıb. Müəyyən edilib ki, Kiyomərs Arami və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətiriblər. Keçirilmiş baxış zamanı Arami Kiyomərsin idarə etdiyi etdiyi "Volvo" markalı avtobusun arxa oturacağından içərisində 15 kiloqram 162,86 qram həşiş qətranı gizlədilmiş dəmir boru aşkarlanaraq götürülüb.

Nazirliyin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Ağahüseyn Əlihüseyn oğlu və Abdullayev Samir Əyyar oğlu saxlanılıblar. Keçirilmiş baxış zamanı Ağahüseyn Mirzəyevin idarə etdiyi "VAZ-2121" markalı avtomobilin qabaq oturacağının altından 2 kiloqram 055,14 qram tiryək aşkarlanaraq götürülüb. Məlum olub ki, Ağahüseyn Mirzəyev, Samir Abdullayev və hazırda şəxsiyyəti istintaqla araşdırılan Nadir adlı İran İslam Respublikasının vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə həmin narkotik vasitəni İran istiqamətindən Azərbaycana qaçaq yolla gətiriblər.

MTN-in həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Kazımov Elxan Şahi oğlu və İran İslam Respublikasının vətəndaşı Bani Reza Soltanəli Bairaməli saxlanılmış, 1 kiloqram 092,11 qram heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən həmin narkotik vasitəni İran istiqamətindən Bani Reza Soltanəli Bairaməli idarə etdiyi "Dang Fang" markalı yük avtomobilində qaçaq yolla Azərbaycana gətirib.

Nazirliyin həyata keçirdiyi daha bir neçə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları saxlanılıblar. Əliyev Kamran Cəbrayıl oğlundan 220,19 qram tiryək, Mehrəliyev Rövşən Yədulla oğlu və Əliyev Cavanşir Cəbrayıl oğlundan isə 257,4 qram heroin aşkarlanaraq götürülüb.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.

AzNews.az