Şabranda yaşayış binası uçdu

Şabran rayonunda yaşayış binasında uçqun olub. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran rayonu Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli on iki mənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olub.

Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in Şimal Regional Mərkəzinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

FHN-in və digər aidiyyəti qurumların mütəxəssisləri binaya ilkin baxış keçirib və binanın mövcud vəziyyəti mütəxəssislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər FHN-in və Rayon İcra Hakimiyyətinin birgə səyi nəticəsində təxliyə olunaraq təhlükəsiz əraziyə köçürülüb. Binanın su, elektrik və qaz təchizatı dayandırılıb, mühafizəsi təşkil olunub.

AzNews.az