İsmayıllıdan yeni xəbər var İsmayıllıdan yeni xəbər var

İcra başçısı jurnalistlərin qarşısına çıxmaqdan imtina etdi

İsmayıllıdan yeni xəbər var




İsmayıllıda yenidən aksiyanın başlaması səbəbindən rayona gedən jurnalistlər icra başçısı Nizami Ələkbərovla görüşüb məsələyə münasibət almaq istəyiblər. Lakin icra başçısı jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.

"Yeni Müsavat"ın hadisə yerində olan əməkdaşı Elxan Balaxanlının verdiyi məlumata görə, icra hakimiyyətinin binası qarşısında toplaşan jurnalistlərin qarşısına icra başçısı deyil, qurumun iki əməkdaşı çıxıb. Onlar bildiriblər ki, icra başçısının rəsmi mövqeyini açıqlayacaqlar. Ancaq onların jurnalistlərə təqdim etdiyi kağız rəsmi blankda olmayıb, həmçinin imza və möhürsüz olub.

Kağızda isə hadisənin baş vermə səbəbləri detalları ilə təsvir olunub. Açıqlamada hadisənin yanvarın 23-də saat 21.30 radələrində baş verdiyi bildirilir. Həmçinin qeyd olunur ki, Bakı şəhər sakini Şəmsəddinov Emin Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi "Şevrolet" markalı maşın yolun kənarında səkiyə, sonra işıq dirəyinə dəyib.

Baş verən hadisə nəticəsində xəsarət alan olmasa da, Emil Şəmsəddinov və yanındakı sərnişin Bakı şəhər sakini Məmmədov Elməddin Lazım oğlu birlikdə yolun kənarında dayanmış "Vaz 21 07" markalı avtomaşını ayağı ilə vurub əziblər. Həmçinin maşının sahibi İsmayıllı şəhər sakini Bəkirov Ramin maşınının təpiklənməsinə etirazını bildirərkən onu döyüblər. Ramin Bəkirov aldığı xəsarətdən İsmayıllı rayon xəstəxanasına yerləşdirilib.

Açıqlamada daha sonra vurğulanır ki, hadisə şəhər əhalisinin sıx olduğu yerdə baş verdiyi üçün həmin əraziyə xeyli adam toplaşıb və Bakıdan gələnlər onları nalayiq söyüşlərlə təhqir edib. Toplaşan əhali Emin Şahsəddinovun adminstrator işlədiyi oteli daş-qalaq edib. Hadisə nəticəsində İsmayıllı sakini Nəsirov Emin Bəxtiyar oğlu xəstəxanalıq olub.

Sonra əhali içərisində "Hammer"in də olduğu üç maşını yandırıb. Həmçinin "Çıraq" otelinin üç mərtəbəsi yandırılıb. Bundan sonra icra başçısının oğlu Elxan Ələkbərova məxsus evə gedərək pəncərələrini sındırıb, yandırmağa cəhd göstəriblər. Ancaq bunun qarşısı alınıb.

Əməkdaşımızın sözlərinə görə, toplaşmış əhali tələb edir ki, icra başçısı təhqirlərə görə çıxıb rayon camaatından üzr istəsin. Ancaq icra hakimiyyətinin nümayəndələri onlara deyiblər ki, başçı üzr istəməyəcək.

Camaatın dediyinə görə, Emin Şahsəddinov icra başçısının bacısı oğludur. Onların yanında nazir Füzuli Ələkbərovun oğlu Vüsal Ələkbərov da olub. Hazırda Emin Şahsəddinov və Elməddin Məmmədov Şamaxı rayon xəstəxanasına aparılıb. Onların daha sonra Bakıya aparılacağı bildirilir.