İsmayıllıda sakitlikdir, amma...- YENİLƏNİB

Hazırda İsmayıllıda sakitlikdir. Əldə etdiyimiz məlumata görə, askiya zamanı yaralanan şəxslərin hər birinə ilk tibbi yardım göstərilib və onlar özlərini yaxşı hiss edirlər.


Onların bəzilərinin adlarını təqdim edirik: 1992-ci il təvəllüdlü Rəhimov Xəyal Balayar oğlu, 1971-ci il Abbasov Vüqar Həsən oğlu, 1971-ci il təvəllüdlü Həsənov Nəriman Həsən oğlu, 1981-ci il təvəllüdlü Nuriyev Nahir Yaqub oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu, 1992-ci il təvəllüdlü Məmmədli Pünhan İlham oğlu, 1965-ci il təvəllüdlü Talıbov Məhərrəm oğlu və 1996-cı il təvəllüdlü Rəsulov Cahangir Cəfər oğlu.

Həkimlərin bildirdiyinə görə, onların xəsarətləri ağır deyil. Rayon xəstəxanasından və yerli polisdən insidentlər zamanı ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub, bunların həqiqətə uyğun olmadığı bildirilib.

İsmayıllı rayonunda 2 gündür davam edən gərginlik isə başa çatıb. Amma buna baxmayaraq, İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik qüvvələrinin nəzarətindədir. İcra Hakimiyyətinin yaxınlığında polis avtobusları və xüsusi maşınlar dayanıb. Küçələrdə sakinlər gözə dəymir. Ötən axşam saat 22.00-adək gündəlik qayğıları ilə məşğul olan sakinlər o saatdan sonra evlərinə çəkiliblər.

APA-nın məlumatına görə, bir neçə saat əvvəl edilən sonuncu aksiya cəhdi zamanı saxlanılaraq rayon polis şəbəsinə gətirilən şəxslərdən bəziləri sərbəst buraxılıblar.


Yerli müxalifətçilərin verdiyi məlumata görə, dünən gecə və bu gün sabah saatlarında ətraf rayonlardan və Bakıdan rayona gəlmiş siyasi partiya fəallarının da əksər hissəsi rayon ərazisini tərk edib.

***

İsmayıllıda baş verən aksiyada yaralıların və həbs olunanların sayı getdikcə artır.

AzNews.az
-ın əməkdaşları yaralılar barədə eksklüziv məlumat əldə ediblər. İsmayıllının Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 16 nəfər müxtəlif bədən xəsarəti almış gənclər xəstəxanaya yerləşdirilib. Onlardan biri qazdan zəhərlənib. Qalanlarına isə rezin güllələrin dəyməsi nəticəsində müxtəlif nahiyələrin sınması diaqnozu qoyulub. Xəstəxanadan bildirilib ki, hadisə yerində təcili tibbi maşınları çalışır və xəstəxanaya gətirilənlərin sayı getdikcə artır.

Orxan
AzNews.az