“Ford” “Mersedes”lə toqquşdu - Yaralananlar var

Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini, 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib. Mikroavtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az