Betonqarışdıran maşınla avtobus toqquşdu - Foto + Yenilənib

Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Avtobus sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşınla toqquşub.

***

16:33

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım maşını gəlib.

AzNews.az

image description