- Köhnə - Hadisə
- 14 Mart 2013 14:02
- 2 127
Qubadakı “fəhlə üsyanı”nın səbəbləri – EKSKLÜZİV

“Etiraz edən 20-25 fəhlə vardı, onları da 1-2 nəfər qızışdırmışdı”
Məlum olduğu kimi, bu gün Qubada fəhlələrin etiraz aksiyası olub. Etiraz edənlər rayonda su, kanalizasiya xətlərini çəkən "Texno Atinak" MMC-nin işçiləridir. Etiraz edən 300-400 nəfər fəhlə icra hakimiyyətinin binasına tərəf yürüş ediblər. Fəhlələrin aksiyası əmək haqqlarının ödənilməməsinə görə baş verib.
AzNews.az-ın araşdırmaları zamanı isə bəlli oldu ki, "Texno Atinak" MMC maaşların gecikdirilməsinin onlarla əlaqədar olmadığını bildirib. Belə ki, "Azərsu" ASC lazım olan vəsaiti şirkətin hesabına keçirmədiyi üçün MMC işçilərinin pulunu ödəyə bilməyib.
"Texno Atinak" MMC-nin baş mühəndisi Gökhan Naqayın sözlərinə görə, maaşlar hər ayın 8-9-da ödənilib: "Hər il köhnə ilin hesablarının bağlanması, yeni il üçün hesab açılması, vergi məsələləri səbəbindən mühasibatlıqlardan pul buraxılması problemə çevrilir və ilin ilk 2-3 ayının ödənişlərində gecikmələr olur. Biz artıq əmək haqqı tələb edən işçilərimizə vəziyyəti açıqladıq və bu həftənin cümə günü, ya da növbəti həftənin bazar ertəsi bütün ödənişləri həyata keçirəcəyimizi söylədik. Hazırda heç bir problem yoxdur".
Hər il təkrarlanan gecikmələrin bu il niyə etiraza səbəb olduğunu anlamadığını söyləyən şirkət yetkilisi qızışdırıcıların olduğunu deyib: "Etiraz edən 20-25 fəhlə vardı, onları da 1-2 nəfər qızışdırmışdı. 300-400 fəhlə səhər saat 9-dan sahələrə işinin başına getdi. Qalanlarına da vəziyyəti açıqladıq və onlar da işinin başına döndü. Bir il öncə Qubada baş verənləri xatırlayırsınız. O hadisələr də 10 nəfərə görə baş vermişdi. Hər halda işçilər bayram ərəfəsi olduğu, ailələrində bayram hazırlığı görmək üçün narahat olduqlarını dedilər".
Ruhiyyə
Aznews.az