57 baş qoyunu tələf olan çobanın vəziyyəti ağırdır - “5-6 heyvan təkərə ilişmişdi...”

Qazaxda ağır yol qəzası zamanı 57 baş qoyunu tələf olan çobanın vəziyyəti ağırdır.

Bu barədə AzNews.az-a sözügedən rayonun Çaylı kənd sakinləri bildiriblər. Məlumata görə, Adil Quliyev Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Adil Quliyev əvvəllər ayrı-ayrı şəxslərin heyvanlarına çobanlıq edib. Sonra öz təsərrüfatını yaradıb. Həyat yoldaşı ağır xərçəng xəstəsidir. Hazırda öz təsərrüfatına baxırmış. Asfaltın kənarında onun pay torpağı var. Taxıl biçiləndən sonra orada yer düzəldib, qoyunları həmin əraziyə aparıb. Bu gün vaxtsız durub ki, isti düşənə kimi heyvanları otarıb geri qayıtsın. Hadisə 4:30-da baş verib. Maşın 55 qoyunu öldürüb, 5-ni isə ağır yaralayıb. Bütün qoyunlar Adilin özünə məxsusdur. Sürücünün dediyinə görə, qarşısını görə bilməyib, qoyunları tras boyu vura-vura gedib. Maşının qabaq hissəsi əzilib, 5-6 qoyun təkərə ilişmişdi, güclə çıxardılar”.

Qeyd edək ki, ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çobanı, Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

Bahar RÜSTƏMLİ
AzNews.az