“Nadir Səlifov Rafiqin həbsxanaya “desant” kimi göndərilməsi xəbərini gülüşlə qarşıladı” “Nadir Səlifov Rafiqin həbsxanaya “desant” kimi göndərilməsi xəbərini gülüşlə qarşıladı”

“Lotu Quli”dən yazdıqlarımıza cavab gəldi

“Nadir Səlifov Rafiqin həbsxanaya “desant” kimi göndərilməsi xəbərini gülüşlə qarşıladı”


Xəbər verdiyimiz kimi, martın 27-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazov saxlanılıb. Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Bəzi məlumatlara əsasən R. Eyvazovun həbsi kriminal qruplaşmalar arasında olan qarşıdurmanın bir hissəsidir. Belə ki, Moskvada mafiyanın "xac atası" sayılan Ded Xasan öldürüldükdən sonra kriminal aləmdə vəziyyət yenidən dəyişib. Qruplaşmalar arasında yaranan bu vəziyyəti aradan qaldırmaq üçün hazırda həbsdə olan "Lotu Quli" ləqəbli Nadir Səlifovla şəxsi görüş tələb edilsə də, bu mümkün olmayıb. Çünki Lotu Qulinin həbsdən çıxmasına hələ bir neçə il var. Buna görə də Rafiq Eyvazovun həbsi məqsədli şəkildə təşkil edilib və o, həbsxanaya "desant" kimi göndərilərək, xüsusi missiya ilə təlimatlandırılıb.
Bu məlumatlara Lotu Qulinin münasibətini öyrənməyə çalışan AzNews.az N. Səlifovun vəkili Kamandar Nəsibova sual ünvanlayıb. K.Nəsibov xəbərlər yayıldıqdan sonra Lotu Quli ilə görüşündə bu məsələyə onun münasibətini öyrənib: "Nadir Səlifov Rafiqin həbsxanaya "desant" kimi göndərilməsi xəbərini gülüşlə qarşıladı".
Onun sözlərinə görə, 10-15 belə şəxs toplansa belə Nadir Səlifova heç cür təsir etmək mümkün deyil. R. Eyvazovun yaxın zamanda həbsdən buraxılma ehtimalını istisna etməyən vəkil "Əvvəllər də belə bir şey planlaşdırılırdı. Ancaq alınmadı. Bu dəfə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin planı alınmayacaq" deyə, bildirib .

Elnarə Əlosmanqızı
AzNews.az