Ramil Usubovdan yeni rəis təyinatı


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinə rəis təyin edilib.


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Nazirin əmri ilə idarədə əməliyyat işləri üzrə rəis müavini işləyən polis polkovniki Anar Əkbərov regional şöbəyə rəis təyin edilib.

Qeyd edək ki, şöbəyə rəhbərlik edən polkovnik-leytenant Ədalət Abbasov bir neçə ay əvvəl Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunmuşdu. Nazirin başqa bir əmri ilə Neftçala rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Kamandar Həsənov Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

AzNews.az