Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədova mayın 10-da ailəsi ilə görüşüb Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədova mayın 10-da ailəsi ilə görüşüb

Bu gün Gülər Əhmədova ailəsi ilə görüşüb

Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədova mayın 10-da ailəsi ilə görüşüb



G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov "Media forum" saytına açıqlamasında deyib ki, görüşə böyük oğlu ilə birlikdə gedib və təcridxanada iki saata yaxın qalıblar.

F.Əhmədovun bildirdiyinə görə, G.Əhmədova həbsdə olduğu müddətdə ailəsi ilə beş dəfə görüşə bilib: "Amma kiçik oğlumuz hələ də anasının həbsdə olduğunu bilmir, ona deməmişik. O elə bilir ki, anası xaricdədir. Gülər xaricdə səfərdə olanda ona tez-tez zəng edirdi. İndi oğlumuz məndən soruşur ki, ata, anam niyə mənə zəng eləmir, danışanda bunu da soruş. Cavab verirəm ki, ay oğul, anan əvvəl Avropa Şurasına gedirdi, indi isə Afrika Şurasına gedib. Afrika Şurasında isə telefon yoxdur".

F.Əhmədov deyib ki, həyat yoldaşının səhhəti yaxşı deyil: "Əvvəla, həbsxana insanın səhhətinə pis təsir edir. İkincisi, Gülər bu hadisələrə görə stress keçirib, əsəbləri korlanıb. Ürəyi ağrıyır, qıcolmaları var. Dedi ki, həbs müddətinin artırılmasından sonra gecələr yata bilmir, qıcolmaları tutur.

Gülər xanım hesab edir ki, ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilir. Burada heç bir cinayət yoxdur. Tamamilə əsassız ittihamdır. Bu, iki üstəgəl iki kimi sadə bir məsələdir. Əgər söhbət Elşad Abdullayevin yaydığı videolardan gedirsə, Gülər xanım dedi ki, bunların hamısını açıqlayacaq. Söylədi ki, həbsdən çıxandan sonra mətbuat konfransı keçirəcək, bütün məsələləri danışacaq. Videodakı söhbətlərdə nədən danışıldığına, məsələnin nə yerdə olduğuna aydınlıq gətirəcəyini dedi. Amma bundan əvvəl Elşad Abdullayevin Azərbaycana gəlməsini, gəlmirsə gətirilməsini və üzləşmə olmasını tələb edir".

F.Əhmədov qeyd edib ki, G.Əhmədovaya sovqat və bir neçə kitab aparıblar: "Kitablar istəmişdi, onları alıb apardıq".

Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Bu il fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. Mayın 8-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri 3 ay müddətində uzadılıb.

AzNews.az