İntihar edən DİN əməkdaşı Sevinc Babayevanın qudası çıxdı- EKSKLÜZİV

ASİF QASIMOVUN İNTİHAR SƏBƏBİ BƏLLİ OLDU



İyunun 17-də Bakının Binəqədi rayonunda DİN-nin Təchizat idarəsinin anbar müdiri olduğu bildirilən Asəf Qasımov adlı şəxsin intihar etməsi ilə bağlı məlumata nazirlikdən reaksiya gəlib. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Təchizat idarəsinin Asif Qasımov adlı əməkdaşı olmayıb. İntihar edən şəxsin DİN-in başqa strukturunda işləməsi ehtimalına gəlincə isə, nazirlikdən bu barədə məlumatın ancaq müvafiq araşdırmalardan sonra söyləməyin mümkünlüyü vurğulanıb.

Bu arada AzNews.az-ın əməkdaşı iştirakçı qismində mərhumun Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus, ev 39 ünvanında təşkil olunan yas mərasimində iştirak edib. Və Asif Qasımovla bağlı olduqca ilginc məlumatlar əldə edib. Məlum olub ki, Asif Qasımovun müdiri olduğu anbarda bir müddət əvvəl Vergilər Nazirliyinin əməkdaşları tərəfindən ciddi yoxlamalar aparılıb.

Yoxlama nəticəsində külli miqdarda vergidən yayınma faktı müəyyən edilib. Bu isə A. Qasımovu olduqca çətin vəziyyətə salıb. İntihar hadisəsinin də bu məsələ ilə əlaqəli olduğu istisna edilmir. Çünki vergidən yayındırılan vəsaitin həddindən artıq böyük olduğu və A. Qasımovun həmin vəsaiti ödənməsi ilə bağlı çətinliklərinin olduğu söylənilir. Adının çəkilməsini istəməyən mərhumun yazınlarından əməkdaşımıza bildiriblər ki, o, son günlərdə həbs olunacağını söyləyirmiş.

AzNews.az əməkdaşı hadisə baş verən ünvanda başqa bir maraqlı və diqqətçəkən məqamla da qarşılaşıb. Belə ki, o, mərasimdə Elşad Abdullayevlə sabiq millət vəkili Gülər Əhmədovanın videoqalmaqalında hallandırılan mərhum Sevinc Babayevanın oğlu ilə qarşılaşıb.

A. Qasımovun yaxınları ilə söhbətdən məlum olub ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov mərhumun qızı ilə evlidir. Beləliklə, intihar edən DİN əməkdaşı Sevinc Babayevanın qudası olub.

Azər
AzNews.az