Bakıdakı silahlı insidentin təfərrüatları məlum oldu - Yeniləndi

Ötən gecə Bakıda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

"Vinçester" tüfəngi ilə silahlanmış şəxs Heydər Əliyev prospekti 176 ünvanında itaətsizlik göstərib və atəş açıb. Nizami rayon Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, həmin şəxs yaxalanaraq idarəyə gətirilib və hazırda dindirilir.

Milli. az-ın məlumatına görə, Heydər Əliyev prospekti 176 ünvanında insident törətmiş şəxs "Anadolu" restoranlar şəbəkəsinin məsul əməkdaşı Mübariz Səmədov olub. O, polis əməkdaşlarını odlu silahdan atəşə tutub. Xoşbəxtlikdən, güllələrdən heç biri polislərə dəyməyib.

Qeyd edək ki, hadisənin ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin yerləşdiyi ərazisi yaxınlığında baş verməsi səbəbindən KİV-də müxtəlif məlumatlar yayılıb. Şirkət isə məsələ ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: " İyulun 2-də gecə saatlarında Heydər Əliyev prospektinin ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin yerləşdiyi ərazisi yaxınlığında baş vermiş hadisənin Şirkətə, onun idarə və müəssisələrinə, eləcə də əməkdaşlarına heç bir aidiyyəti olmayıb. ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin binasını qoruyan Təhlükəsizlik İdarəsinin əməkdaşları yalnız polisin hadisəni törədənləri nəzarətdə saxlaması, hadisənin lokallaşdırılıb aradan qaldırılması üçün binanın ərazisindən istifadə etməsinə şərait yaradıb."

Onu da qeyd edək ki, gecə saatlarında hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı və xüsusi təyinatlılar cəlb edilib. Hadisə ilə bağlı ətraflı məlumat əldə etmək hələlik mümkün olmayıb.

***
23:58
Hadisə yerindəki müxbir deyir ki, ARDNŞ-in mühafizə xidməti işə müdaxilə edib və həmin silahlı şəxsi oradan uzaqlaşdırıb. Polislər və orada olan musavat.com-un müxbiri qeyd olunan müəssisəyə girərkən orada artıq heç kim olmayıb. Lakin yerdən boş giliz tapılıb. Bu da o qənaət yaradıb ki, silahlı şəxs atəş açıb. Digər bir ehtimala görə, olayı törədən elə ARDNŞ-in öz əməkdaşlarından biridir.

***
23:41

Azərbaycan Dövlət Neft Şirkətinin İnformasiya texnologiyaları və rabitə İdarəsinin Heydər Əliyev prospekti-178 ünvanında yerləşən binası yaxınlığında fövqəladə vəziyyət yaranıb. Musavat.com-un hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, silahlı şəxs ətrafdakıları təhdid edir. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilib, zirehli gödəkçəli və silahlı polis əməkdaşları həmin şəxsi zərərsizləşdirməyə çalışırlar. Hazırda onunla danışıqlar gedir, əraziyə jurnalistlər buraxılmır. Həmin şəxsin əlində Vinçester tipli tüfəngin olduğu bildirilir. Amma niyə bu addımı atdığı hələlik məlum deyil.

AzNews.az