Bərdədə bank işçisi yoxa çıxdı- Müəmma

Onun öldürülərək kanala atıldığı bildirilir

Bərdədə bank işçisi yoxa çıxıb. Bu barədə AzNews.az-a rayondan məlumat verilib. İtkin düşən bank işçisinin 1986-cı il təvəllüdlü Anar Nizam oğlu Ələkbərov olduğu bildirilir. Onun öldürülərək Qarabağ su kanalına atıldığı iddia edilir.

Fakt üzrə Bərdə rayon Prokurorluğunda və Bərdə RPŞ-də araşdırma aparılır.

Bu xəbəri Bərdə Polisi təsdiqləyib. Rayon Polis Şöbəsindən AzNews.az-a bildiriblər ki, A.Ələkbərovun itkin düşməsi ilə bağlı anası 102 xidmətinə məlumat verib: "A.Ələkbərovu sonuncu dəfə iyulun 2-də axşam saat 5 radələrində Qarabağ su kanalı yaxınlığında görüblər. Bu səbəbdən onun su kanalına düşdüyü ehtimalı araşdırılır".

Dünən axşamdan başlayaraq FHN xilasedici qrupu axtarışlara başlasa da, hələlik heç bir nəticə yoxdur. Hazırda axtarışlar rayonun Mehtili kəndi ərazisində davam etdirilir.

Gün ərzində hadisənin təfərrüatları barədə məlumat verəcəyik.

Ruhiyyə
AzNews.az