Qızılağac qoruğu yandı



İyulun 19-da saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçmiş və 55 hektara yaxın ərazini əhatə edib.
Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21-50 radələrində tam söndürülüb.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Elnarə
AzNews.az