138 yaşlı Azərbaycan mətbuatı

Bu gün - 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd edilir.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı.

"Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etdiyi üçün iki il sonra qəzet bağlanıb.

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə olunub.

XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.

Sovet hakimiyyəti dövründə mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Bu gün mətbuatın 138 illiyini qeyd edən bütün həmkarlarımızı AzNews.az kollektivi olaraq təbrik edirik.

AzNews.az