Həkimin qatillərinə 14 il 6 ay cəza - Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirkarlar özlərini vəzifəli şəxs kimi təqdim edərək, özgənin külli miqdarda pulunu ələ keçiriblər. Belə ki, O.Mürsəlov Fövqəladə Hallar Nazirliyinin mayoru, V. Soltanov isə leytenant rütbəsində vəzifəli şəxs olduqlarını bildiriblər. Onlar Elsevər Məmmədovun vasitəsi ilə iki tanışından 11 min 500 manat alaraq mənimsəyiblər.

Bundan sonra Elsevərlə təqsirli bilinənlərin arasında mübahisə yaranıb. O. Mürsəlov ötən il dekabrın 3-də E. Məmmədovu işə düzəltmək məqsədilə Şamaxı rayonuna çağırıb. Həmin gün saat 16 radələrində Ağdaş rayonunda yaşayan Elsevər özünə məxsus avtomaşında evdən çıxaraq İsmayıllı rayonunun Pirqulu qəsəbəsinə gedib və həmin gündən də geri qayıtmayıb. Ona məxsus "VAZ-2106" markalı avtomobili isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində gizlədiblər.

Araşdırmalar zamanı E.Məmmədovun həmin gün V. Soltanov və O. Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğma yolu ilə qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib. Hər ikisi polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində tutulub. O. Mürsəlov "Azər-Trans" mühafizə şirkətinin işçisi olub.

AzNews.az