Su anbarına düşən şəxslər xilas edildi

Avqustun 8-də, saat 19:30 radələrində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Yenikənd Su Anbarında mühafizə xidməti aparan mühafizəçiləri 3 nəfər şəxsin gölə yaxınlaşdığını müşahidə ediblər.

Lent.az-ın məlumatına görə, mühafizəçilərin xəbərdarlığına baxmayaraq onlar su anbarının mühafizə olunmayan hissəsinə yaxınlaşmış və yuyunarkən 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənov Anar Nazim oğlunun ayağı sürüşərək su anbarına düşüb. Yoldaşlarının suda boğulduğunu görən digər iki şəxs ona kömək məqsədilə suya girmiş və özləri də batma təhlükəsi ilə üzləşiblər. Mühafizəçilər öncə boğulmaqda olan Həsənov Anar Nazim oğlunu xilas edib və ona təxirəsalınmaz tibbi yardım göstəriblər. Suda boğulma təhlükəsi ilə üzləşmiş digər iki şəxs də xilas olunaraq hər birinə ayrılıqda müvafiq köməklik göstərilib.

Suda boğulmuş Anar Həsənov dərhal Şəmkir rayonu Kür qəsəbə xəstəxanasına yola salınıb. Hazırda zərərçəkmiş evə buraxılıb və vəziyyəti yaxşıdır. Xəstəxanadan alınan məlumata görə adıçəkilən şəxs içkili olub.

AzNews.az