Rusiya İbrahimbəyova 1 ay vaxt qoydu

Milli Şuranın vahid namizədi, kinorejissor Rüstəm İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşlığından çıxması ilə bağlı Federal Miqrasiya Xidmətinə etdiyi müraciətə qanuna müvafiq olaraq 30 gün ərzində baxıla bilər.

Rusiya Federal Miqrasiya Xidməti Modern.az-ın bu quruma ünvanladığı "Vətəndaşın Rusiya vətəndaşlığından çıxma ilə bağlı müraciətinə hansı müddətə baxılır?" sorğusunun cavabında belə müraciətlərin hüquqi şərhi verilib.

Federal Xidmətdən bildirib ki, daxil olan müraciətlərə baxılma müddəti 2006-cı ildə prezident Vladimir Putinin imzaladığı "Vətəndaşların müraciətinə baxılma Qaydaları" haqqında 59 saylı qanunla tənzimlənir. Qanuna görə, fiziki və hüquqi şəxslərin müraciətləri Federal Miqrasiya Xidmətindən qeydiyyatdan keçdikdən sonra 30 gün ərzində baxılmalıdır. Vətəndaşın müraciəti FMX-yə daxil olduqdan sonra 3 gün ərzində qeydiyyatdan keçirilir.

"Əlavə yoxlamalar, baxılmaq üçün zəruri materialların almaq üçün digər dövlət orqanlarına müvafiq sorğuların göndərilməsi tələb olunduğu hallarda müraciətə baxılma müddəti uzadıla bilər. Ancaq bu 30 gündən çox olmamalıdır. Elə həmin gün müraciət edənə baxılma müddətinin uzadılması barədə rəsmi bildiriş göndərlir"-deyə FMX-dən şərh veriblər.

Qeyd edək ki, avqustun 22-də virtualaz.org saytı Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinə müraciət edərək Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirməyə cəhd edib. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova saytın əməkdaşına Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib.

R.İbrahimbəyovun özü isə dünən "Yeni Müsavat"a açıqlamasında deyib: "Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmamağı ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, avqustun 21-də isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən avqustun 21-də həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib".


AzNews.az