Bakıda aeroport yolunda ağır qəza: ölən var

Bakıda aeroport yolunda bir-birinin ardınca iki ağır yol qəzası baş verib.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə axşam saatlarında qeydə alınıb.

BMW markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ dəqiqləşməmiş 18-20 yaşlı qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Aeroport yolunda baş verən digər qəzada isə dörd avtomobil toqquşub. "Mercedes", "Nissan", VAZ-2107 və KİA markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı qəzada ölən olmasa da, maşınların hamısına ciddi ziyan dəyib.

Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Hər iki faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.


AzNews.az