Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən qızılın qarşısı alındı

Azərbaycan Dövlət Gömrük Komitəsi xaricdən ölkəmizə qaçaqmalçılıq və gizli yolla külli-miqdarda qızıl-zinət əşyalarının keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkiyədən ölkəmizə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Məmmədov Elçin Rasim oğlunun etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı 99 FH 952 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, arxa sol qanadın örtüyünün arxasından ümumi çəkisi 5 kq 553 q olan qızıl-zinət əşyaları - 79 ədəd kulon, 226 ədəd üzük, 389 cüt tana, 272 ədəd bilərzik, 393 ədəd boyunbağı, 14 dəst tana-kulon-üzük, 6 dəst boyunbağı-bilərzik-üzük-tana, 24 dəst üzük-tana, 70 ədəd boyunbağı (kulonla birlikdə), 34 ədəd sancaq, 168 ədəd göz muncuğu gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Faktla Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

AzNews.az