Jurnalistə cinayət işi açıldı- Yenilənib

Musavat.com xəbər verir ki, jurnalist Azər Rəşidoğlu yazıb ki, P. Həşimliyə qarşı qaçaqmalçılıq və qanunsuz silah əldə etmə ilə bağlı – Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1 maddələri ilə cinayət işi qaldırılıb.


***
20:58
Facebook sosial şəbəkəsində xəbər yayılıb ki, "Bizim Yol" qəzetində axtarış gedir, qəzetin əməkdaşı Pərviz Həşimlini isə tutublar.

Bu barədə qəzetin keçmiş əməkdaşı Sevinc Vaqifqızının da profilində təxminlər var. Onun yazdığı xəbərə rəy bildirənlər yazıb ki, qəzetin redaksiyasında MTN tərəfindən axtarış aparılır.

Musavat.com "Bizim Yol" qəzetinin redaksiyasına və əməkdaşlarına telefon açsa da, heç kimlə danışa bilməyib.

Həmin qəzetin müxbiri Natiq Cavadlı "Azadlıq" qəzetinə məlumatı təsdiqləyib, amma əlavə heç nə deməyib.

****
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli facebook-da məlumat paylaşıb ki, "Bizim Yol"un əməkdaşı Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparılır. Onun yazdığına görə, axtarışı aparanlar MTN əməkdaşlarıdır.