Azərbaycanlılara etiraz aksiyası keçirməyə icazə vermədilər

Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentində (AP) "Azərbaycanda prezident seçkiləri: "Odlar Yurdunu" hansı gələcək gözləyir?" adlı konfrans keçiriləcək.

Tədbir AP üzvü Gerben-Jan Gerbrandy tərəfindən Avropa naminə Liberal və Demokratlar İttifaqı və Təmsil Olunmayan Millətlər və Xalqlar təşkilatı ilə birlikdə təşkil olunur.

Konfransda Azərbaycanda seçkiqabağı vəziyyət, insan hüquq və azadlıqlarının durumu və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirə Azərbaycandan siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin dəvət olunduğu bildirilir.

APA-nın Avropa müxbirinin məlumatına görə, Avropa yaşayan azərbaycanlılar belə bir tədbirin keçirilməsini narazılıqla qarşılayıblar. Tədbirin xüsusi qaydada Azərbaycana qarşı təşkil olunduğu qənaətində olan avropalı azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirmək üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər. Bu gün Brüssel Şəhər Meriyası aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyərək azərbaycanlı fəallara etiraz cavabı verib.

Onlar isə Brüssel Meriyasının qərarını demokratiya normalarına zidd hesab edərək, bunu toplaşmaq və ifadə azadlığı prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

AzNews.az