Taksilərin qənimləri ələ keçdi: Quldur dəstə iş başında yaxalandı

Bakı şəhərinin Binəqədi rayonunda və Abşeronda quldurluq edən soyğunçu dəstə yaxalanıb.

Abşeron rayon Polis Şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində bu gecə quldur dəstə yaxalanıb. Belə ki, 1980-ci il təvəllüdlü Emil Əhmədov və 1983-cü il təvəllüdlü Elşən Cavadov gecə 1-in yarısında həyata keçirdikləri soyğunçuluqdan dərhal sonra ələ keçiblər. Əsasən, taksilərə qənim kəsilən quldurlar qurbanlarını "Şamaxinka" adlanan yerdən seçərək onları eyni metodla – maşınlara müştəri kimi əyləşərək soyublar. Qeyd edək ki, quldur dəstənin bu gecəki hədəfi Bakı sakini olub. Qabaqcadan əlbir olan Emil Ağam oğlu Əhmədov və Elşən İslam oğlu Cavadov "Şamaxinka" adlanan yerdə Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Nəriman Şaxbulaqovun taksi kimi istifadə etdiyi avtomobilinə əyləşiblər. 90 BO 816 nömrə nişanlı "Mercedes Benz E190" markalı avtomobili Masazıra sürdürüblər. Burada sürücüyə zorakılıq tətbiq edən quldur dəstə onu maşından düşməyə məcbur edib. Maşını və pulu ələ keçirərək aradan çıxmağa cəhd edərkən isə Abşeron polis əməkdaşlarıtərəfindən ələ keçiblər.

Abşeron polisindən əldə etdiyimiz məlumata görə, quldur dəstə bundan əvvəl də soyğunçuluq edib. Araşdırma nəticəsində məlum olub ki, quldur dəstə oktyabrın 3-də gerçəkləşdirdiyi soyğunun qurbanını da "Şamaxinka" adlanan yerdə seçib. Buradan müştəri olaraq Pərviz Zakir oğlu Şıxıyevin "Mercedes-Benz E220" markalı 90 BV 171 nömrə nişanlı avtomobilinə oturaraq onu əvvəlcə Xırdalan şəhərinə, sonra isə Binəqədi rayonunun Xocasən qəsəbəsinə sürdürüblər.

Burada sürücüdən pul tələb edən soyğunçular onun həyat və sağlamlığı üçün təhlükə yaratmaqdan belə çəkinməyiblər. Maşından 25 manat pul və "Nokia" markalı telefondan başqa bir şey ələ keçirə bilməyəcəklərini anlayan basqınçılar sürücünün sənədlərinə əl qoyublar. Belə ki, dəstə üzvləri Pərviz Şıxıyevin sürücülük vəsiqəsini və avtomobilinin etibarnaməsini girov götürüblər.

Dəstə üzvləri etiraf edib ki, onlar Bakı şəhəri Alatava qəsəbəsində yaşayan İlqar Şirəli oğlu Süleymanovu da soyublar. Həmin soyğunu da Xırdalanda reallaşdıran dəstə üzvləri həmin şəxsə aid "Naz Lifa" markalı, 10 PC 193 dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək, Xırdalan şəhərinin kənarında olan dəmir yolu xəttinin qırağına sürdürüblər. Burada sürücüyə hədə-qorxu gələrək, 150 manat pulunu və 2 ədəd mobil telefonunu əlindən alıblar.

Qeyd edək ki, quldur dəstə üzvlərindən biri Emil Əhmədov əvvəllər xuliqanlıqda ittiham edilərək məhkum olunub.

Abşeron RPŞ-də cinayət məcəlləsinin 180.2.01-ci maddəsi ilə cinayət işi açılıb.

Ruhiyyə
AzNews.az