Şirvanda külli miqdarda narkotik vasitə aşkarlandı

Şirvan sakinindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

APA-nın Mil-Muğan bürosuna Şirvan polis şöbəsindən verilən məlumata görə, oktyabrın 3-də Şirvan sakini, R.Rza küçəsi 39 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Babayev Fəxrəddin Alxan oğlu polis tərəfindən saxlanılarkən onun üzərində olan bağlamada 1,146 kiloqram qurudulmuş marixuana aşkar edilib. Əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə məhkum olunmuş F.Babayev müsadirə olunan narkotik vasitənin satış məqsədi üçün nəzərdə tutulduğunu etiraf edib. F.Babayev elə yuxarıda göstərilən maddə ilə yenidən istintaqa cəlb edilməklə həbs edilib. Müəyyən olunub ki, F.Babayev həm də narkotik vasitələrin əkib-becərilməsi ilə də məşğul olur.

Şirvan polis şöbəsi daha iki nəfəri Cinayət Məcəlləsinin 234.1 maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə məsuliyyətə cəlb edib. Şirvan sakinləri - M.Mirzəyev küçəsi-4 ünvanında yaşayan 1972-ci il təvəllüdlü İbişov Seymur Gəray oğlundan 1,008 qram, Sabir küçəsi-10, mənzil 6 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Ağayev Fariz Varis oğlundan isə 0,960 qram narkotik vasitə olan tiryək götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az