Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı- Foto

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vidadi Adil oğlu Qədimova vətəndaş Fuad Sovet oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Çempion" çay qutusunun içərisindən 2 (iki) ədəd sellofana bükülərək gizlədilmiş ayrı-ayrılıqda xalis çəkisi 2,58 qram və 17,49 qram narkotik maddə - qurudulmuş marixuana və 1 (bir) ədəd sellofana bükülmüş xalis çəkisi 6,114 qram olan kustar üsulla hazırlanmış narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Vidadi Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az