Qusar qorxu içindədir; vəhabilər qayıdacaq- YENİLƏNİB

Qusarda dünən vəhabilərlə baş verən və polis əməkdaşlarının ölümü ilə nəticələnən hadisədən sonra rayon həyəcan içindədədir.

AzNews.az əməkdaşının rayondan verdiyi məlumata görə, əhali hadisələrin təkrarlanacağından narahatlıq keçirir. Şəhərdə müxtəlif şayiələr yayılıb ki, bu da əhalini daha da narahat edir. Bəzi şəxslər vəhabilərin daha böyük qüvvə və silahla yenidən rayonda qayıdacağını bildirir.

AzNews.az -ın əldə etdiyi digər məlumata görə, polislərlə silahlı qarşıdurma yaradan vəhhabilər 3 nəfər olub və onların kimliyi polisə bəllidir. "Hazırda şəhərin giriş-çıxışları nəzarət altındadır. Təhlükəsizlik tədbirləri görülüb. Buna baxmayraq əhali narahatlıq keçirir" deyə AzNews.az əməkdaşı Qusardan xəbər verib.

Digər məlumata görə, vəhhabilərlə silahlı insidentdə həlak olan polis mayoru Qalib Quliyev ötən il Zaqatalada vəhabilərə qarşı keçirilən əməliyyatda yaralanmışdı.


***
16.10.2013
22:17

Bu gün axşam saatlarında Qusar rayonunda polislə vəhabi olduğu bildirilən şəxslər arasında silahlı insident baş verib. AzNews.az-a daxil olan məlumata görə, insident nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Daha sonra onlardan ikisinin dünyasını dəyişdiyi bildirilir.

Ölənlərdən birinin Qusar Rayon Polis Şöbəsinin əməkdaşı Qalib Əliyevdir. Vəfat edən ikinci polis əməkdaşı barədə hələlik məlumat verilmir.

Polis əməkdaşı Mövlüd Əliyev qarnından yaralanıb. Yaralananlardan digəri - Cəmil Nəsirov Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisidir. O, qolundan aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov da yaralananlar arasındadır. Rəis müavini ayağından aldığı xəsarətlə Qusar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


Bəzi məlumatlara görə, insident naməlum şəxsin polis əməkdaşlarına hücumi nəticəsində baş verib. Başqa bir məlumata görə isə, polis rayon ərazisində vəhabilərə qarşı əməliyyat keçirib.

Azər
AzNews.az