Bakıdan uçan təyyarə İstanbula enmədən geri qayıtdı - YENİLƏNİB - FOTO

AZAL-dan Musavat.com-a verilən məlumata görə, təyyarə saat 16.15-də Bakıdan yola salınıb və hazırda İstanbuldadır. Onun bir qədər sonra saatlardır hava limanında gözləyən sərnişinlərlə Bakıya yola düşəcəyi gözlənilir.

İstanbul hava limanındakı mənbə isə təyyarəyə minik üçün qeydiyyatın Bakı vaxtı ilə saat 19.05-də başlandığını deyir.


***

16.46

AZAL-ın elan etdiyi vaxt tamam olsa da, hələlik reysin həyata keçirilməsi ilə bağlı heç bir yenilik yoxdur. Sərnişinlər Musavat.com-a bildiriblər ki, İstanbul hava limanında Bakı reysinin sərnişinlərinə AZAL tərəfindən pulsuz yemək və isti içkilər paylanılıb.

***

14.48

AZAL şirkətinin İstanbul-Bakı reysini həyata keçirən təyyarə 5 saat gecikir. Bu barədə məlumatı Musavat.com-a hazırda İstanbul hava limanında olan sərnişinlərdən biri verib. Onun sözlərinə görə, hava limanının nümayəndələri reysdəki 5 saatlıq gecikməni Bakıdan İstanbula uçan təyyarənin texniki nasazlıq üzündən geri qayıtması ilə əsaslandırıblar. Onlar bildiriblər ki, təyyarə texniki nasazlıq üzündən İstanbula eniş edə bilməyib və geri qayıdıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli təyyarədəki nasazlığı təsdiqləyib. Amma AZAL rəsmisi bildirib ki, gecikmə 5 saat yox, təxminən 2 saat olacaq.

AzNews.az