AMEA “Yeni Müsavat”ı məhkəməyə verir - Açıqlama

"Yeni Müsavat" qəzetində AMEA-nn Dilçilik İnstitutunda 2 milyon manatlıq maxinasıyanın olması barədə material dərc olunub.

Məlumata görə, institutun direktor əvəzi Fəxrəddin Veysəlli qurumun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə avadanlıqların alınmasına sərf edilməli olan vəsaiti öz ailəsinə sərf edib. Məqalədə avadanlıqların dəfələrlə şişirdilmiş qiymətlərlə sənədləşdirildiyi bildirilib.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən F.Veysəlli avadanlıqların alınmasında şəxsən özünün heç bir iştirakı olmadığını deyib:

"Mən instituta lazım olan avadanlığın siyahısını hazırlamışam. Bundan sonra siyahı Akademiyanın İşlər İdarəsinin rəisinə təqdim olunub. Nəyin haradan, necə alınması məsələsinə mən heç bir müdaxilə etməmişəm və mənim işim olmadığına görə edə də bilmərəm. Deyirlər ki, 10 musiqi mərkəzi institutun nəyinə lazımdır? Bizim 10 şöbəmiz var və hər şöbəyə bir musiqi mərkəzi verilməlidir. Çünki biz Dilçilik İnstitutu olaraq musiqinin də dilini öyrənmək istəyirik. 2 sinxron tərcümə mərkəzi alınır ki, bu da müxtəlif beynəlxalq tədbirlərdə istifadə edilmək üçün quraşdırılacaq".

Məlumatın hardan qaynaqlanmasına gəlincə, direktor əvəzi bunu qurumda aparılan struktur dəyişikliyindən bəzi şəxslərin narazı qalması ilə əlaqələndirib:

"Mən onların kimliyini bilirəm, amma bunu öz vicdanlarına buraxıram. Rauf Arifoğlu da məni yaxşı tanıyır. Onlar ən azından məndən münasibət ala bilərdilər. Yəqin ki, qəzeti məhkəməyə verəcəyəm".

Elnarə
AzNews.az