Yük maşınları 50 - dən çox adamın ölümünə səbəb oldu - VİDEO

Ağırtonnajlı maşınlar yollarla bərabər insanların da sanki qəsdinə durublar. Ötən gün yük maşınının iştirakı ilə baş verən hadisədə 2 nəfər ölüb. Hadisə Ağstafa rayonu ərazisində baş verib. Kamaz markalı yük avtomobili hərəkətdə olarkən təkərinin partlaması nəticəsində yoldan çıxaraq əks istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşub. Zərbənin gücündən sərnişin dolu avtobus aşıb. Yol kənarındakı iki piyadadan biri avtobusun altında qalaraq ölüb. Həyatını itirən digər şəxs isə mikroavtobusun sürücüsü olub. Qəza nəticəsində 7 nəfər də xəsarət alıb.

Bu ilin on ayı ərzində yük maşınlarının iştirakı ilə 120 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 54 nəfər ölüb, 106 nəfər isə müxtəlif xəsarətlər alıb. Qəzaların səbəbləri də müxtəlifdir.

Yük maşınlarının nasaz vəziyyətdə yola çıxması, gecə saatlarında yükdaşıma ilə məşğul olan ağırtonnajlıların sürücülərinin sükan arxasında yuxulaması, ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi hallarına daha çox rast gəlinir.

BDYPİ-nin şöbə rəisi Kamran Əliyev yük maşınlarının qəza törətməsinin bəzi səbəblərini açıqlayıb: "Yüklə dolu bu avtomobillərin ötmə əməliyyatı apararkən sürətini və ya qarşıdan gələn maşının sürətini nəzərə almaması, ikinci dərəcəli yoldan baş yola çıxarkən gözləməməsi".

ANS olaraq yük maşınlarının can almasına və yollarının axırına çıxmasının qarşısını almaq üçün bir sıra çıxış yollarını dəfələrlə göstərmişik. Elə dövlət qurumları da alternativlərin tətbiqinə zərurət olduğu qənaətindədir.

Baş prokuror Zakir Qaralov Ali Məhkəmənin plenium iclasında çıxış edərkən yük daşımanı dəmir yolu vasitəsilə daşınmasının qəzaların qarşısının alınmasına səbəb ola biləcəyini deyib və bununla bağlı baş nazirə müraciət də etmişdi.

Ekspertlər də yükdaşımanın alternativ yollarla həyata keçirilməsi ilə yanaşı, başqa tədirlərə də ehtiyac olduğunu deyirlər.

Yol təhlükəsizliyi üzə ekspert Azər Allahverənov yük maşını sürücülərinin marifləndirilməsini vacib sayır: "Sahibkarlar yük maşınlarına yol vərəqələri verərkən maşının texniki məsələlərinə çox diqqət yetirməlidir. Yük maşınlarının sürücüləri ilə geniş miqyaslı marifləndirmə işi aparmaq lazımdır. Çox ciddi təhqiqatların aparılmasına və nəzarət mexanizmlərinin təkmil və effektiv şəkildə tətbiq olunmasına ehtiyac var".

Yəni dövlət yol polisi, Nəqliyyat Nazirliyi və yük maşınlarının mənsub olduğu şirkətlərin bu məsələni çox ciddi nəzarətə götürməlidir. Bu tədbirlər qəzların azalması ilə yanaşı, yolların sıradan çıxmasının da qarşısını alacaq.





AzNews.az