İranda dəhşətli zəlzələ : 8 ölü, 44 yaralı

İranın Buşəhr vilayətində Borazcan şəhərindən 14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.
Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.
"Fars" agentliyinin məlumatına görə, zəlzələnin mərkəzi Buşəhr şəhərinin 65 kilometrliyində yerləşən Borazcan şəhəridir. Zəlzələ Buşəhr əyalətinin bütün bölgələrində hiss olunub. Əhali təşviş içində küçələrə axışıb.
IRINN kanalının məlumatına görə, Buşəhr vilayət başçısının müavini Şapur Rüstəmi deyib ki, Dəştestan və Borazcan şəhərlərində elektrik enerjisi kəsilib, rabitə və digər infrastruktura ziyan dəyib.
Hazırda həmin şəhərlərə və ətraf yaşayış məntəqələrinə xilasedicilər və ekspert qrupu göndərilib.
Ş.Rüstəminin sözlərinə görə, evlərin divarlarında çatlar əmələ gəlib, bəzi evlərin divarları dağılıb. Buşəhrdə böhran mərkəzi yaradılıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi Hüseyn Dərəxşan ISNA agentliyinə deyib ki, zəlzələ nəticəsində Borazcan şəhərinin Dəhqayi kəndində 3 nəfər yaralanıb.
İranın Böhran vəziyyətinin idarə edilməsi təşkilatının sədri Həsən Qədəmi isə bildirib: "Bizdə olan son məlumatlara görə, baş vermiş zəlzələ nəticəsində çox sayda insan yaralanıb və həmvətənlərimizin bir neçəsi ölüb".
Onun sözlərinə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 44 nəfər yaralanıb, o cümlədən 10 nəfərin vəziyyəti ağırdır.
ISNA agentliyinin məlumatına görə, bu yeraltı təkanlardan sonra indiyədək müxtəlif bal gücündə daha 5 zəlzələ baş verib. Buşəhr vilayətindəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan olunub. Xilasetmə işləri davam etdirilir.

AzNews.az
image description image description image description