- Köhnə - Hadisə
- 29 Noyabr 2013 15:16
- 9 512
Azərbaycanlıları donuz fermasında işlədən şəxsin şikayəti təmin edilmədi
Məhkəmədə qurbanların hüquqlarını müdafiə edən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyindən verilən məlumata görə, insan alverçiləri qurbanlara iş təklifi edərkən hər birinə ayda 500-700 ABŞ dolları məbləğində əmək haqqı ödəniləcəyi, habelə yaşayış yeri, yemək və digər zəruri ehtiyacların işəgötürən tərəfindən ödəniləcəyini vəd edib.
Lakin Rusiyaya gedən Azərbaycan vətəndaşları tikinti sektorunda deyil, onları məcburi əməyə cəlb etmiş şəxsə məxsus donuz fermasında işləmək üçün gətirildiklərini anlayıblar. Dəfərlərlə qaçmağa cəhd etsələr də buna müvəffəq olmayıblar.
Nəhayət Rusiya Federasiyasının miqrasiya orqanlarının əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı qurbanlar aşkar edilib.
Qurbanlar Azərbaycana qayıtdıqdan sonra DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Baş verənlərlə bağlı cinayət işi başlanaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2013-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Elnur
AzNews.az