Külli miqdarda pirotexniki vasitələri müsadirə edildi

Bu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Aksiz Gömrük İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, "Nəriman Nərimanov" metrostansiyası yaxınlığında Azərbaycan Respublikası vətəndaşı Abdullayev Elxan Elman oğlu saxlanılıb və onun idarə etdiyi "10-GC-006" dövlət nömrə nişanlı, "Vaz-21074" markalı avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikası vətəndaşı, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Hacıyev Rauf Məhəmməd oğluna məxsus mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən xeyli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülüb.

Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.

Əldə olunmuş əməliyyat məlumatı əsasında "İpək Yolu" Terminalında Gvasalia Revaz Mixayloviçin idarə etdiyi "SCANİA" markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çin Xalq Respublikasından daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilib və bu zaman Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87540 ədəd müxtəlif adda fişənglər, 40000 ədəd partlayıcı pitarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb.

AzNews.az