İntihar etmək istəyən sürücü yoxa çıxıb; Prokurorluq DİN-i təkzib edir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi AzNews.az-da yayımlanan "Qarabağ əlili polis haqsızlığına görə intihar edəcək" başlıqlı yazıya reaksiya verib.

Bununla bağlı İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzNews.az-a deyib ki, adıçəkilən qurum yazıda göstərilən məqamlarla bağlı dərhal araşdırma aparıb: "I qrup Qarabağ əlili Azər Əliyev adlı şəxsin adından yayılan xəbər üzrə aparılan araşdırmada materialda əks olunan neqativ hallar öz təsdiqini tapmadı. Çünki adı Azər Əliyev kimi göstərilən həmin vətəndaş ortaya çıxmayıb. Bəlli olub ki, mediaya ünvanlanan şikayət məktubunda yer alan məqamlar DYP əməkdaşlarına və bu quruma qarşı növbəti təxribatdır. Məqsəd isə yol polisini cəmiyyətin gözündən salmaq, gündəlik fəaliyyətinə mənfi təsir göstərmək cəhdidir".

Məsələnin maraqlı tərəfi isə Binəqədi rayon Prokurorluğunun məsələ ilə bağlı münasibətidir. Belə ki, Binəqədi rayon prokurorluğu Vaqif Əsədovun dediklərini təkzib edib.

Rayon prokurorunun köməkçisi Fərhad Əzizov AzNews.az-a açıqlamasında məqalədəki bəzi məqamların təsdiqini tapdığını bildirib. Belə ki, prokuror köməkçisinin sözlərinə görə, xəbərdə adıçəkilən ərazidə yol polisi əməkdaşı ilə mübahisəsi yaranan nəqliyyat vasitəsinin sürücü aşkar edilib: "Prokurorluğun əməkdaşları həmin avtomobili müəyyən edib. Məlum olub ki, şikayət edən şəxs sürücü yox, sərnişin edib. İndi həmin sərnişinin tapılması istiqamətində tədbirlər görülür. Məsələ şəxsən Baş Prokurorun diqqətindədir".

Xatırladaq ki, fevralın 5-də I qrup Qarabağ əlili Azər Əliyev adlı şəxsin adından AzNews.az-ın elektron poçtuna məktub daxil olub. Məktubda bildirilib ki, yanvarın 29-dan 30-na keçən gecə, saat 01:45 radələrində ağır vəziyyətdə xəstəxanaya çatdırılan qohumlarının yanından qayıdan Azər Əliyev Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində heç bir qayda pozuntusuna yol vermədiyi halda döş nişanı 0556, idarə etdiyi xidməti avtomobilin ekipaj nömrəsi 386 olan və özünü Teymur kimi təqdim edən DYP əməkdaşı tərəfindən saxlanılıb: "DYP əməkdaşı məndən 100 manat rüşvət tələb edən və tələb olunan pulu vermədiyim üçün sənədlərimi alıb gedən məlum şəxslə bağlı əlaqədar qurumlara müraciət etsəm də, hələ də müraciətimə cavab verən yoxdur. Avtomobilimə məxsus sənədlər də Teymur adlı şəxsdədir. Bu gün də həmin sənədlərdən heç bir xəbər yoxdur. Əlaqədar qurumların fəaliyyətsizliyi göstərir ki, kimsə bu ədalətsizliyi aradan qaldırmaq istəmir. Məni məcbur etməsinlər ki, hansısa rüşvətxor polis əməkdaşına görə həyatıma qəsd edim, düşmənləri ölkəmizə güldürüm".

Elnur
AzNews.az