ABŞ səfirliyindən “casus“ qalmaqalına reaksiya

"ABŞ Konqresinin işçilərindən ibarət olan nümayəndə heyətinin Azərbaycana səfəri adi işgüzar xarakter daşıyıb".


Bunu modern.az saytının sorğusuna ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "casus qalmqalı"na cavab olaraq bildiriblər.

Səfirlikdən qeyd edilib ki, nümayəndələr səfər zamanı səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər:

"Onlar bu səfərləri ona görə edirlər ki, Azərbaycan və regionla bağlı ABŞ-ın qanunverici orqanına məlumat versinlər. Bununla bağlı digər sualları isə Konqres nümayəndələrinə ünvanlasanız, daha məqsədəuyğun olar".

Qeyd edək ki, jurnalist Eynulla Fətullayev "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalə yazıb.

O, yazısında ötən ay ABŞ Senatı aparatının iki əməkdaşı - Con Zadrozni ilə Daniel Vajdiçinin Bakıya gəldiyini və "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovayla ölkədəki ictimai-siyasi durumu müzakirə etdiklərini qeyd edib.

E.Fətullayev yazısında X.İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı təqdim etdiyini göstərib. Siyahıda göstərilən şəxslərin hakimiyyətə işlədiyi iddia olunur.

AzNews.az