Azərbaycanda 26 hektar ərazi yandı

Qax və Şəki rayonlarının sərhəd ərazilərində geniş yanğınlar baş verib.

Küləyin də təsiri ilə şiddətlənən yanğınlar zamanı 26 hektar ərazidə otlaq sahələri və kol-kos yanıb. Sonda yanğının qarşısı çətinliklə də olsa, alınıb.

AzNews.az Kanal S-ə istinadən bildirir ki, yanğın Qax rayonunun Qaşqaçay və Şəki rayonunun Biləcik kəndi ərazisində baş verib. Günorta saatlarından başlayan yanğın, küləyin də təsiri ilə geniş əraziləri əhatə edib. Küləyin olması yanğının əhatə dairəsini daha da genişləndirib. Ərazidə olan otlaq sahələri, ağaclar və kol-kos təmamilə yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 3, Şəki Yanğından Mühafizə Hissəsinin isə 2 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın olan ərazilərə girişin çətin olması səbəbindən, yanğınsöndürən maşınlar dolayı yollarla əraziyə çatıblar. Küləyin güclü olması yanğının qarşısının alınmasını çətinləşdirib. Yanğınsöndürən maşınların və canlı qüvvənin istifadə etdiyi xüsusi yanğınsöndürən avadanlıqlar vasitəsilə saatlarla davam edən yanğın əvvəlcə məhdudlaşdırılıb, sonra isə söndürülüb.

Yanğın zamanı sakinlərin otlaq sahələrinə də ziyan dəyib. Ancaq fındıq bağlarına yanğının keçməsinin qarşısı alınıb. Yanğının qarşısının alınmasında sakinlər də əllərindən gələn köməkiliyi göstəriblər.

Günorta saatlarında başlayan yanğın axşam saat 23 radələrində tam söndürülüb. Yanğın zamanı Qax rayonunun ərazisindən 20, Şəki rayonunun ərazisindən isə 6 hektar, ümumilikdə 26 hektar ərazidə otlaq sahələri, kol-kos yanıb. Yanğının baş vermə səbəbləri isə bilinmir.

Fakt araşdırılır. Ümumilikdə isə ötən gün Şəki ərazisində 6 yanğın faktı qeydə alınıb.

AzNews.az