Əhmədlidə dəhşətli qəza - ölən var

VAZ 2107 qadın piyadanı vurub havaya uçurtdu.

Fevralın 24-də axşam saat 19:15 radələrində Bakının Əhmədli qəsəbəsində dəhşətli yolnəqliyyat hadisəsi baş verib. Xətai rayonu, M.Hadi küçəsində VAZ 2107 markalı "Jiquli" yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Hadisənin şahidlərinin verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran VAZ 2107 markalı maşın da artıq saxlanıb. Xətai YPX-dan onu da bildirdilər ki, hələlik sürücünün ad-soyadı məlum deyil. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir. ("Musavat.com")