Nazirlə rektor arasında mübahisə düşdü- Yenilənib

Martın 1-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Müdafiə Naziri Zakir Həsənovun Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi kursantları və zabit heyəti ilə görüşü keçirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, görüşdə Müdafiə naziri ilə yanaşı, ATU-nun rektoru Əhliman Əmiraslanov və Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev də iştirak edib.

Zakir Həsənov çıxışında bir sıra nöqsanlara toxunub və bəzi şəxsləri tənqid edib. Bildirib ki, nazirliyin nəznindəki hospitallarda və hərbi hissələrin tibb məntəqələrində texniki təchizat istənilən səviyyədə deyil. O, çatışmazlığın tezliklə aradan qaldırılacağını qeyd edib.

Nazir həmçinin hərbi həkim kursantlarını təhsillərinə daha məsuliyyətli yanaşmağa çağırıb.

Bundan sonra ATU-nun rektoru Əhliman Əmiraslanovla Zakir Həsənovla arasında maraqlı polemika baş verib. Ə.Əmiraslanov çıxışında universitetin Hərbi tibb fakültəsinin kursantlarının intizamsız olduğunu qeyd edib.

Zakir Həsənov isə bu fikrə etirazını bildirib. Nazir söyləyib ki, statistika rektorun dediklərinin əksini göstərir: "İl ərzində qeyri-ixtisaslı hərbi həkimlərin fəaliyyətində daha çox nöqsanlar baş verib".

Z.Həsənov ixtisaslı hərbi həkimlərin isə daha intizamlı olduğunu diqqətə çatdırıb. (12.35)

***

Məsələyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında nazirlə rektor Əhliman Əmiraslanovla yaranan polemika ilə bağlı bunlar deyib:

"Zakir Həsənovun kursantlarla görüşü yüksək səviyyədə baş tutub. Görüşdə hətta Əhliman Əmiraslanov cənab nazirə kursantlara yaradılan şəraitə görə, də minnətdarlıq edib. Onların mübahisə etmək xəbəri isə həqiqəti əks etdirmir".

Şahin
AzNews.az