Azərbaycanda hava yağıntılı olacaq

Sabah Azərbaycanda hava yağıntılı olacaq, bəzi ərazilərdə külək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 22-dən 23-nə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gündüz hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 23-də gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

AzNews.az