Şahin Sultanovun vəkili prokurorluğa şikayət edəcək

Həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili müdafiə etdiyi şəxs barəsində iddialar irəli sürən hərbi ekspert Üzeyir Cəfərovla bağlı prokurorluğa müraciət edəcək.

"Qafqazinfo"ya bu barədə açıqlama verən vəkil Adəm Məmmədov bildirib ki, Ü.Cəfərov mətbuata açıqlama verərək müdafiə etdiyi şəxsi dövlət sirlərini Rusiyaya ötürməkdə, yəni dövlətə xəyanətdə ittiham edib. Vəkilin sözlərinə görə, müdafiə sahəsində, eləcə də mətbuatla uzun müddət əlaqələri olan bir şəxs belə bir ittihamla çıxış edirsə əlində faktlar olmalıdır. Əks halda bu birbaşa cinayət məsuliyyətidir:

"Heç bir sübut olmadan belə bir ittiham irəli sürməklə o, Şahin Sultanovun şərəf və ləyaqətinə xələl gətirib. Onun belə bir açıqlama verməsinə çox təəccübləndim. Mən Üzeyir Cəfərovdan belə bir əsassız açıqlamalara son qoymasını, eyni zamanda təkzib verməsini tələb edirəm. O, müdafiə etdiyim şəxsi birbaşa olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni vətənə xəyanətlə ittiham edib. Belə bir ağır cinayətdə ittihama görə isə onu 3 ildən 8- ilədək həbs gözləyə bilər. Artıq onun barəsində Prokurorluğa təqdim etmək üçün şikayət ərizəsi hazırlamışam".

Qeyd edək ki, bu gün "Yeni Müsavat"da yayımlanan yazıda hərbi eskpert bildirib ki, Hərbi-Dəniz Qüvvələrinin bəzi yüksək rütbəli adamları Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə, ümumiyyətlə ordusu ilə bağlı real vəziyyəti Rusiyaya ötürürlər: "Sabah Müdafiə Nazirliyi bunu da təkzib etsə, mən konkret adları da ictimaiyyətə açıqlayacağam ki, kimlərdir satqınlıqla məşğul olanlar".

AzNews.az